Şeytanın dini və gizli üsulları 
				     
				    Allah Quranın; "dedi: “Ey Rəbbim! Məni azdırmağına görə, and içirəm ki, mən də onlara yer üzündə (sənə qarşı çıxmağı və dünya ehtirasını) bəzəyib gözəl göstərəcəyəm və onların hamısını mütləq azdırıb təhrik edəcəyəm! Yalnız Sənin ixlaslı qullarından başqa!”" (Hicr surəsi, 39-40) ayələri ilə insanın düşməni olan şeytanın qiyamət gününə qədər var gücü ilə insanları pisliyə sürükləmək mövzusundakı inadını insanlara bildirmişdir.
 Lakin bəzi insanlar şeytan haqqında həqiqətə əsaslanan doğru məlumatlara  sahib deyildirlər. Buna görə də, şeytanın düşmənçiliyindən çəkinə bilmək üçün,  insan əvvəlcə onun üsullarını, necə məğlub edilə biləcəyini öyrənib tələlərinə  qarşı hazır olmalıdır.
				      Bu mövzuda ilk növbədə, şeytanın əsrlərdir müdafiə etdiyi və  insanlara qəbul etdirməyə çalışdığı bir "din anlayışının" olduğu  bilinməlidir. Tarixin başlanğıcından etibarən dünyanın hər tərəfindəki bütün  insanlara eyni təlqinləri verib onlara ortaq   həyat tərzini, öz batil dinini mənimsətməyə çalışır. Bu dinin təməl  xüsusiyyətlərindən və şeytanın bu din anlayışını insanlara qəbul etdirə bilmək  üçün işlətdiyi üsullardan bəzilərini belə sadalaya bilərik:
Vicdanın səsini susdurmaq üçün bəhanələr irəli sürməsi
Şeytanın dini, insanlara  şeytanın xarakterini və onun düşüncə sistemini qəbul etdirmək məqsədinə əsaslanır.  Şeytan insanları bu yöndə razı sala bilmək üçün, batilə əsaslanan çox müxtəlif  və gizli üsullar yaratmışdır. Lakin təməl fəlsəfəsi, əvvəlcə öz tələlərini puç  edən, verdiyi təlqinlərlə insanları dayanmadan yaxşılığa və doğruya çağıran  vicdanının səsini susdurmağa yönəlib. Əslində Allahın; "xeyr! İnsan öz  nəfsinə qarşı bəsirətdir! Öz bəhanələrini irəli sürsə belə!" (Qiyamət  surəsi, 14-15) ayələri ilə bildirdiyi kimi, şeytan hansı tələni qursa da,  vicdanın yol göstərməsi sayəsində hər insan doğrunu görə biləcək bəsirətə sahibdir.  Lakin şeytan, insanların vicdanlarının səsini susdurmalarını təmin edəcək,  onları öz əxlaqını yaşamağa razı salacaq çox müxtəlif bəhanələr irəli sürərək  insanların bu bəsirətlərini bağlamağa çalışar.
          İman  gətirənlər Qurana görə düşündükləri üçün, şeytanın bu yöndəki təlqinlərini, nə  qədər məharətli olsa da, dərhal görə bilər və vicdanlarına uyğun davranış  göstərərlər. Quran əxlaqından uzaq yaşayan insanlar isə həyatlarını nəfslərini məmnun  etmək məqsədi əsasında qurduqları üçün, şeytanın nəfslərini dəstəkləyən  bəhanələrini dərhal qəbul edərlər. Vicdanlarının səsini susdurmaq üçün onsuz da  bir yol axtardıqlarından, şeytanın bu təlqinlərini nəfslərinə istiqamətli  dəstək və kömək kimi qəbul edərlər.
        Şeytanın  bu sistemi, hər davranış pozuntusu və hər pislik üçün ayrı bəhanə, ayrı sapqın  açıqlama daşıyar. Bu yolla insanların vicdanlarına qarşı çıxa bilmələrini təmin  edər və beləliklə də, öz düşüncələrini onlara qanuni və məqbul göstərməyə  çalışar. 
Yaxşını pis, pisi yaxşı göstərərək insanları aldatması
Şeytanın insanları pisliyə çağırmaq üçün işlətdiyi üsullardan biri isə "yaxşını pis, pisi də yaxşı göstərib insanları aldatmaq"dır. Şeytan, doğru yolda olduqlarına inandırmaq üçün insanlara çox müxtəlif və çoxlu sayda saxta dəlil göstərər. Bu dəlillər o qədər təfsilatlı hazırlanmış və elə hiyləgər məntiqlərlə bəzənmişdir ki, iman gözü ilə baxmayanlar asanlıqla inanarlar. Şeytanın göstərdiyi dəlilləri həqiqətmiş kimi qəbul edər və davranışlarını, özlərini inandırdıqları bu saxta həqiqətlər əsasında istiqamətləndirərlər.
Şeytanın bu yöndəki oyunlarına aldanıb yanlış hərəkətlərə yol verən insanlara dair gündəlik həyatda bir çox nümunəyə rast gəlmək mümkündür. Məsələn, şeytan bəzən verdiyi təlqinlərlə insana yaxın dostunu, düşməni hesab edəcək vəziyyətə gətirə bilər. Qarşı tərəfin pisniyyətli olduğuna və özünə düşmənçilik bəslədiyinə dair o qədər təfsilatlı və dəqiq dəlillər irəli sürər ki, bu insan dostunun xoşniyyətli hərəkətlərini belə bu cür qəbul etməyə başlayar. Bu aspektdən ötrü hər rəftarın, hər sözün arxasında müəyyən eyham və ya zidd məna axtarar. Şeytanın təsirinə elə düşmüş və verdiyi təlqinlərlə elə düşünməyə başlamışdır ki, qarşı tərəf bu vəziyyəti aradan qaldırmaq üçün, nə qədər xoşniyyətli səy göstərsə də, fayda verməz.
Şeytan bəzən də eyni təlqini tam əks istiqamətdə verər. İnsanın, özünə zərər verəcək və pisliyə sürükləyəcək kəsləri dost kimi görməsini təmin edər. Ortada bu insanın pis niyyətini sübut edən onlarla dəlil olduğu halda, şeytan bütün bunlara izah gətirib bu pis niyyətin görülməsinə mane olar. Bir neçə əhəmiyyətsiz təfsilatı da ön plana çıxardıb gözündə böyüdərək, qarşı tərəfin xoşniyyətli olduğu məsələsində onu razı salar.
Şeytan, bu üsullarından insanın gündəlik həyatında qarşısına çıxan hər mövzuda istifadə edər. Bütün bunların nəticəsində pisliyə təşviq etdiyi insanı, qəflətə sürükləyib etdiyi pisliklərdən çəkinməsinə mane olar. Halbuki əslində özü bu insanın yaxın dostu olmuş və onu öz din anlayışına, öz əxlaq xüsusiyyətlərinə yaxınlaşdırmışdır. Quranda şeytanın insanları bu şəkildə; "hidayətdə olduqları təəssüratını verərək doğru yoldan azdırdığı" belə bildirilmişdir:
Kim Rəhman (olan Allah)ın zikrini görməzlikdən gəlsə, Biz bir şeytana onun “üzərini qabıqla bağlatdırarıq”; artıq bu, onun yaxın dostudur. Həqiqətən bunlar (bu şeytanlar), onları doğru yoldan çıxardar; onlar isə özlərinin həqiqətən doğru yolda olduqlarını güman edərlər. (Zuxruf surəsi, 36-37)
Hiyləli üsullardan istifadə etməsi və insanları da hiyləgərliyə təşviq etməsi
İnsanları  doğru yoldan azdırıb özü ilə birlikdə cəhənnəmə sürükləməyə səy göstərən  şeytanın ən mühüm xüsusiyyətlərindən biri hiyləgərliyidir. Hiyləgərlik, eyni  zamanda şeytanın insanlara qarşı apardığı amansız mübarizədə işlətdiyi ən mühüm  üsullardandır. İnsanları, həqiqi məqsədini açıqlayaraq özünə tabe olmağa  çağırsa, nəticə ala bilməyəcək və müvəffəqiyyət qazana bilməyəcək. Bəşəriyyət  tarixinin başlanğıcından bəri onlara qarşı necə böyük kin və düşmənçilik  bəslədiyini, onları özü ilə birlikdə sonsuzadək cəhənnəm əzabına sürükləmək  üçün aldatmağa çalışdığını və onlara yalnız yalan danışdığını bildirsə, əlbəttə  ki, sözlərinə inanılmayacaq. Hətta ona qarşı diqqətli və ayıq olunacaq, tələsinə  düşməkdən xilas olunacaq. Buna görə də, şeytan insanları hiyləgərliklə, yalan  və hiylə dolu üsullarla aldatmağa çalışar. Onlara düşmən olduğunu açıqca hiss  etdirəcək hərəkətlərdən çəkinər. Yaxud onlara açıq şəkildə; “gəlin mənə tabe  olun”, “pis əxlaqlı olun”, “özünüzə, ətrafınızdakı insanlara zərər verin” və ya  “yaxşı və pisin arasında seçim etsəniz, həmişə pisin tərəfini tutun” kimi  təlqinlər verməyə bilər. Əslində bu sözlər şeytanın son hədəfini xülasə edir. Lakin  o həmişə bütün bunları yaxşılıq, gözəllik, düzgünlük kimi məziyyətlərlə bəzəyib  insanlara təqdim edər. Onlara hiyləgərcəsinə yanaşar; zəki və hiyləgər  inandırma üsullarından istifadə edər.
  Quranda  şeytanın özünün də bu xüsusiyyətini dilə gətirdiyi; insanlara açıq şəkildə  deyil, pusqu qurub yaxınlaşacağını söylədiyi belə bildirilir:
Dedi: "Madam ki, elədir, məni azdırdığına görə onlar(ı insanları azdırmaq) üçün mən də Sənin dosdoğru yolunda (pusqu qurub) oturacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından soxulacağam. Onların əksəriyyətini şükür edən görməyəcəksən". (Əraf surəsi, 16-17)
İnsanlara birbaşa təsiri olmayan şeytan, insanlara doğrunu yanlış, yaxşını pis, həqiqətləri isə xəyal kimi göstərə bilmək üçün müxtəlif hiyləgər üsullara əl atar. Onları aldatmaq üçün bəzəkli sözlər söyləyər, gördükləri yanlış işləri bəzəkli və cəlbedici göstərər. Eynilə gözəl və xeyirli işləri də çirkin göstərib bunlardan imtina etdirməyə çalışar. Onlara dünya həyatına dair bəzəkli vədlər verər. Doğrular barədə onlara ağlagəlməz vəsvəsələr verər. Ən sadə mövzuları belə içindən çıxılmaz və mürəkkəb hala gətirməyə, Allahın əmrlərini onlara çətin göstərməyə çalışar. Onları dünya mənfəətlərinin yaxın və əldə edilməsi asan, axirət mənfəətlərinin isə uzaq və guya xəyali vədlər olduğuna inandırmağa çalışar. İnsanları hər an müşahidə edər. Hər an çatışmayan cəhətlərini, zəif yönlərini güdər. Onları aciz olduqları nöqtələrdən tutmağa və tələyə salmağa çalışar. Həmişə pisliyi nəsihət edər. Onların da özü kimi pisliyi mənimsəmələrini və beləliklə, özünə bənzəmələrini istəyər. Bütün bu təlqinlərini onlara gözləmədikləri anlarda, gözləmədikləri yönlərdən pusqu qurub verər.
Bəzən açıq təlqinlər verər, çox vaxt isə özünü sanki dost kimi göstərib, həmin insanın yaxşılığını istəyirmiş kimi davranar. Şeytanın müxtəlif yalanlarına aldanan insanlar, içində olduqları qəflətdən ötrü getdikcə doğru yoldan uzaqlaşarlar. Özlərinə şeytanı dost tutmuş olmaları, bu insanların yaşadıqları pis əxlaqı, göstərdikləri yanlış davranışları əhəmiyyətli görməmələrinə və bunları israrla müdafiə etmələrinə səbəb olar.
İnsanlara pisliyi sübut edilə bilməyəcək şəkildə etməyi öyrətməsi
Şeytanın insanları öz əxlaqına çağırmaq üçün işlətdiyi səssiz dilin mühüm prinsiplərindən biri; "edilən pis davranışın məharətlə gizlənməsi"dir. Şeytanın təsiri altına saldığı insanlara öyrətdiyi bu gizli din; "sübut edilə bilməzlik" prinsipinə əsaslanan hərəkətlərlə yaşanır. Bu insanlar açıq şəkildə pis əxlaq xüsusiyyətləri göstərməz, bunu çox incə təfsilatların arasında gizlədərlər. Bu elə hiyləgər sistemdir ki, bu gizli və səssiz dillə, qarşılarındakı insanlara həm nə demək istədiklərini çox açıq şəkildə ifadə etmiş olar, həm də qarşı tərəfin bu pis davranışlarının üstünü aça biləcəyi heç bir dəlil verməzlər.
 Bu  üsulla bir tərəfdən eyni şeytani əxlaqı yaşayanların bir-birlərini asanlıqla  tanıya bilmələri də təmin edilmiş olar. Öz işlətdikləri dilin bütün  incəliklərini bilən bu insanlar, eyni əlamətləri başqalarında gördüklərində  onların da özləri kimi şeytanın təsiri altına düşdüklərini anlayarlar. Bu  vəziyyəti bilmək isə onlara bu kəslərin yanında şeytanın əxlaqını çəkinmədən və  gizlənməyə ehtiyac duymadan yaşayacaqları mövzusunda böyük cəsarət verər.  Özləri ilə eyni dili danışdığını bildikləri insanların yanında digərlərindən  gizlətdikləri əsil üzlərini heç çəkinmədən göstərə bilərlər. 
  "Sübut  edilməzlik prinsipi" pisliyin səssiz dilini danışanların vicdanlarının  səsini susdura bilmək məqsədini də daşıyır. Şeytan, bu dili öyrətdiyi insanlara,  pisliyə açıq şəkildə yanaşmamalarının gözəl əxlaqlı və yaxşı insan olmaları  üçün kafi olduğu fikrini aşılayar. Buna görə də, səssiz dili danışan bəzi  insanlar vicdanlarının səsini susdurub pis əxlaq göstərmələrinə heç əhəmiyyət  vermədən, səssiz dilin hiyləgər üsullarını işlətməyə davam edərlər.  Ətraflarındakı insanların, incə təfsilatlar söykədikləri pis əxlaqlarını  özlərinə sübut edə bilməmələri də, yenə onların özlərini bu mövzudan uzaq  görmələrinə səbəb olar. 
İnsanlar üzərində fitrətlərini pozaraq təsir sahibi olmağa çalışması
Yer üzündəki bütün varlıqların tək hakimi olan Allah, yaratdıqlarını və onlara ən uyğun olan həyat tərzini ən yaxşı biləndir. Allah insanları, təkcə imanı qavradıqları və Quran əxlaqını yaşadıqları təqdirdə xoşbəxt və hüzurlu ola biləcək şəkildə yaratmışdır. Quranın; "...bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar!" (Rad surəsi, 28) ayəsi ilə bildirilən bu həqiqət, istisnasız bütün insanlar üçün etibarlıdır. İnsan, təkcə özünü yaradan Rəbbimizə yönəlib Onun sevgisini və rizasını qazana biləcəyi şəkildə yaşadığı təqdirdə, dünya həyatında gözəl həyat yaşaya bilər. Allah Quranda insanlara, özlərini yaratdığı fitrətə yönəlmələrini belə bildirmişdir:
O zaman sən üzünü, Allahı vahid qəbul edən (hənif) olaraq dinə, Allahın o fitrətinə çevir; belə ki, insanları bunun üçün yaratmışdır... (Rum surəsi, 30)
Fitrətlərinə  ən uyğun olan bu həyat tərzini və bu əxlaq anlayışını mənimsəmədikləri təqdirdə  insanlar sıxıntı və narahatlıq içində bir həyat yaşayarlar. Allahın insanlar  üçün yaratdığı yer üzündəki bu qədər nemətdən lazımınca zövq ala bilməz,  ətrafdakı gözəllikləri görə bilməzlər. Allahın; "kim də Mənim Zikrimdən  üz döndərsə, artıq onun güzəranı sıxıntılı olacaq və Biz qiyamət günü onu  gözləri kor olaraq həşr edəcəyik!" (Taha surəsi, 124) ayəsi ilə  bildirdiyi kimi, çətinliklərlə dolu həyat yaşayarlar. Hər şeydən ötrü asanlıqla  hüznə, narahatlığa, ümidsizliyə və ya bədbinliyə qapıla bilər, həyatlarını heç  cür çıxış yolu tapa bilmədikləri problemlərlə iç-içə yaşayarlar.
  İçərisində  olduqları bu vəziyyəti gördükləri zaman isə, həyatlarına hakim olan sıxıntının  mənbəyini və necə aradan qaldırıla biləcəyini tapa bilməzlər. Halbuki  insanların üz-üzə qaldıqları bu sıxıntının təməlində də, yenə hər cür pisliyin  əsil mənbəyi olan "şeytanın sayı" dayanır. Şeytanın insanlara qarşı  apardığı mübarizədə əl atdığı üsullardan biri də onların "fitrətlərini  pozması"dır. Çünki əvvəlki sətirlərdə qeyd edilən, insanların təkcə  fitrətlərinə uyğun həyat tərzi yaşadıqları təqdirdə xoşbəxt olacaqları  həqiqətini şeytan da bilir. Buna görə də, fitrətlərinə zidd olan əxlaq  anlayışını və fərqli həyat tərzini mənimsədib onların xoşbəxtlikdən də uzaq  qalmasını təmin edər. Lakin bunu da yenə öz hiyləgər üsulları ilə gerçəkləşdirib,  insanları qəflətə sürükləyir və bu yolla düşdükləri tələdən xilas olmalarına  mane olur. Onları fitrətlərinə zidd olan əxlaqa çağırarkən, eyni zamanda da  onlara saxta xoşbəxtlik vədləri verir. Quranda şeytanın insanları "Allahın  yaratdıqlarını dəyişdirməyə" çağıracağı belə bildirilir:
Onları (mütləq) sapdıracaq, ən ağlasığmaz xülyalara salacaq, onlara mütləq davarların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı tərk edib şeytanı özünə dost (vəli) tutsa, şübhəsiz ki, o, açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 119)
Allahın Quranda bildirdiyi bütün bu həqiqətlər, insanın təkcə Quran əxlaqını yaşadığı, Allahın özünü yaratdığı fitrətə qayıtdığı təqdirdə xoşbəxt ola biləcəyini göstərir. Əks təqdirdə, növbəti sətirlərdə daha təfsilatlı nəzərdən keçiriləcəyi kimi, şeytan insanı yalnız dünya həyatını əhatə edən bədbəxtliyə deyil, sonsuzadək davam edəcək sıxıntı və əzaba sürükləyəcək.
İnsanları, Allahın adından istifadə edərək aldatmağa çalışması
İrəli  sürdüyü hər fikrin, insanların qəlbinə pıçıldadığı hər pis düşüncənin, vicdanın  doğrunu təlqin edən səsi ilə qarşılıq görəcəyini bilən şeytan, bu vəziyyətə  qarşı fərqli tələ qurmuşdur. Əsil kimliyini və pis niyyətini gizlədə bilmək  üçün, bəzən insanlara verdiyi təlqinləri vicdanlarının səsiymiş kimi göstərməyə  çalışar. Bunun üçün, əl atdığı üsul isə onlara; "Allahın adından istifadə  edib yaxınlaşması"dır. 
                      Tərəfdarları  ilə birlikdə insanları görmədikləri, fərq edə bilmədikləri yerlərdən müşahidə  edən şeytan, onlara nələrin təsir edəcəyini və nələrə qarşı reaksiya verəcəklərini  də bilir. İnsanın zəif nöqtələrini, nələrə qarşı zəif olduğunu, hansı fikirlərinin  ağlını qarışdıracağını nəzərə alaraq onu yönləndirər. Vicdanən həssaslıq göstəriləcək  mövzulardan, dini dəyərlərdən, insani əlamətlərdən "xeyir" adı  altında istifadə edərək insanları aldadar. Etdirmək istədiyi pis hərəkəti onlara  qanuni və məqbul göstərəcək bəzi bəhanələr irəli sürərək onları tam zidd əxlaqa  yönəltməyə çalışar. Həmin bu insanlar da şeytanın təqdim etdiyi bu bəhanələrdən  ətrafdakı insanlara qarşı etdikləri pislikləri müdafiə etmək üçün səmimiyyətsiz  şəkildə istifadə edərlər.
        İman  gətirən insanların isə özlərini yetərli görmələrini, etdikləri bəzi ibadətlərlə  kifayətlənmələrini və özlərini bəyənib ehtiyacsız görmələrini təmin etməyə  çalışar. Onları gözəl əxlaqlı olduqlarına, əllərindən gələnin ən çoxunu  etdiklərinə, güclərinin bu qədərinə çatacağına inandırmağa çalışar. Qəlblərinin  təmiz olmasının kifayət edəcəyini, Allahın qəlblərindəki yaxşı niyyəti görüb onlardan  razı olduğunu düşündürərək, onları səmimiyyətsizliyə sürükləmək istəyər.  Ətrafdakı insanlara görə yaxşı olmalaraının kifayət edəcəyini, əksər insanlarla  müqayisədə çox üstün əxlaqa sahib olduqlarını düşündürərək onları tənbəlliyə  sürükləməyə çalışar. Lakin, əlbəttə ki, şeytan bütün bu bəhanələri nə qədər  həqiqi və inandırıcı göstərsə də, onun təlqinləri ilə hərəkət edən insan bu  davranışının Quran əxlaqına uyğun olmadığını bilir. Çünki Allahın qullarına  rəhmət olaraq yaratdığı vicdan sayəsində hər insan yaxşı və pisi ayırd edə  biləcək anlayışa sahibdir. Allah Quran ayələri ilə insanları şeytanın bu  tələsinə qarşı belə xəbərdar etmişdir:
Ey insanlar! Şübhəsiz ki, Allahın vədi haqdır. O zaman dünya həyatı sizi aldatmasın və aldadan(lar) da, sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmasın. Həqiqət budur ki, şeytan sizin düşməninizdir, o zaman siz də onu düşmən tutun. O, öz tərəfdarlarını, qızğın yanan alovun sakinlərindən olmağa çağırar. (Fatir surəsi, 5-6)
Şeytanın insanı Allahın adı ilə aldatmasının digər yolu da, Allahın bağışlayan olduğunu irəli sürərək insanı günah işləməyə təşviq etməsidir. Allah sonsuz mərhəmət sahibidir və tövbə edib Özündən bağışlanma diləyən hər qulunun günahlarını bağışlaya bilər. Lakin bir insanın; "onsuz da, Allah bağışlayar" deyərək bilə-bilə günah işləməsi səmimi davranış deyil. Belə əxlaqı davam etdirən insanın qəlbi zamanla qatılaşıb həssaslığını itirə bilər. Allah qorxusu ilə hərəkət etməmək, bu insanı daha bir çox pisliyə də sürükləyə bilər. Allah Quranda; "yaxında bağışlanacağıq" deyərək bilə-bilə günah işləyənlərdən nümunə verib insanları şeytanın belə yalanına qarşı xəbərdar etmişdir:
Onların ardından yerlərinə Kitaba varis olan bəzi "pis insanlar" keçdi. (Bunlar) Bu dəyərsiz olan (dünyan)ın müvəqqəti faydasını alıb; "yaxında bağışlanacağıq" deyirlər. Bunun bənzəri bir fayda gəldikdə onu da alırlar. Özlərindən Allaha qarşı haqqı söyləməkdən başqa şey söyləməyəcəklərinə dair kitab əhdi alınmamışdı? Halbuki içində olanı oxudular. (Allahdan) qorxanlar üçün axirət yurdu daha xeyirlidir. Hələ də anlamayacaqsınız? (Əraf surəsi, 169)
Əlbəttə,  kitabın əvvəlində də vurğulandığı kimi, şeytanın bütün bu oyunları, təkcə iman  gətirməyənlərə təsir edə bilər. Yoxsa Quranı özlərinə rəhbər tutan insanlar  üçün, şeytanın səsi ilə vicdanın səsi arasında çox aydın və dəqiq fərq var.  Vicdan insana həmişə Quran əxlaqına uyğun olan davranışları ilham edər. Şeytan  isə hər nə qədər hiyləgər oyunların arxasında gizlətməyə çalışsa da, həmişə  Allahın razı olmayacağı  əxlaqa təşviq  edər. Dolayısilə, iman gətirən bir insan bu ikisi arasındakı fərqi dərhal  görər, şeytanın təsirindən Allaha sığınıb vicdanının səsinə tabe olar. 
  Lakin  iman gətirməyənlər üçün belə aydınlıq mümkün deyil. Buna görə də, şeytan onlara  istədiyi kimi təsir edə bilər. Allah Quranın; "onlardan gücün çatdığı  kəsləri səsinlə sarsıntıya uğrat, atlı və piyadanı onlara qarşı səfərbər et,  mallarına və övladlarına ortaq ol və onlara cürbəcür vədlər ver. Şeytan onlara  təkcə yalan vəd verər!" (İsra surəsi, 64) ayəsi ilə şeytanın "gücün  çatdığı kəsləri səsiylə sarsıntıya uğradacağını" bildirərək, iman  gətirənlərlə inkarçılar üzərindəki şeytanın fərqli təsirinə diqqət çəkmişdir.
İnsanlara, insan və cin şeytanlardan istifadə edib yaxınlaşması
Allah Quranın; "...həqiqətən, şeytanlar sizinlə mübarizə aparmaları üçün, öz dostlarına gizli çağırışlar edərlər" (Ənam surəsi, 121) ayəsi ilə, şeytanın insanlara yaxınlaşmaq üçün öz tərəfdarlarından və dostlarından istifadə edəcəyini xəbər vermişdir. Bu vəziyyət bizə şeytanın təkbaşına hərəkət edən güc olmadığını göstərir. Allah Quranın; "beləliklə, hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmən yaratdıq. Onlardan bəziləri digərlərini aldatmaq üçün bəzəkli sözlər pıçıldayarlar. Rəbbin istəsəydi, bunu etməzdilər. O zaman onları, uydurduqları yalanlarla baş-başa burax!" (Ənam surəsi, 112) ayəsi ilə insanlara "insan və cin şeytanların" varlığını bildirir. Şeytan, insanlar və cinlərdən özünə tabe olanlara birlikdə hərəkət edir və digər insanları azdırmaq üçün onlardan vasitə kimi istifadə edir. Onlar da şeytanın əxlaqını tətbiq edərək hiyləgərliyi özləri üçün prinsip qəbul edir və insanların qəlblərinə vəsvəsə və şübhə salaraq, onları doğru uzaqlaşdırmağa çalışırlar. Allah Quranda şərindən Rəbbimizə sığınılması lazım olan, bu insan və cin şeytanlarının hiyləgər üsullarını bizə belə bildirir:
De: “Sığınıram insanların Rəbbinə; İnsanların hökmdarına, İnsanların (həqiqi) İlahına; “Hiyləgərcəsinə qəlblərə vəsvəsə və şübhə salan” vəsvəsəçinin şərindən Belə ki, o, insanların qəlbinə vəsvəsə verər (içlərinə şübhə, vəsvəsə pıçıldayar) İstər cinlərdən, istərsə də insanlardan (olan hər hannasdan Allaha sığınıram). (Nas surəsi, 1-6)
Digər bir ayədə isə; “...o da (belə) dedi: “and olsun, qullarından “sayı müəyyənləşdirilmiş dəstəni” (özümə xidmətçi) edəcəyəm” (Nisa surəsi, 118) sözləri ilə xəbər verildiyi kimi, şeytan insanlardan və cinlərdən özünə tabe olanları "xidmətçi" edir. Şeytanın xidmətçisi olan bu kəslər, insanları doğru yoldan uzaqlaşdırmaq və onları həmişə pisliyə təşviq etmək vəzifəsini boyunlarına götürərək, şeytanın əmrlərini yerinə yetirirlər. Allah, şeytanın tərəfini tutanların bu davranışını Quranda belə xəbər verir:
(Şeytanın) qardaşları isə, onları azğınlığa sürükləyərlər, sonra onlardan əl çəkməzlər. (Əraf surəsi, 202)
Quranda  "münafiq" adlandırılan, qəlbindəki imanında xəstəlik olan kəslər  şeytana xidmət edən bu insanlar arasında ən nəzərəçarpan kəslərdəndir. Kitabın sonrakı  hissələrində təfsilatlı şəkildə nəzərdən keçiriləcək münafiq xarakterində  görünən bütün əxlaq pozğunluqları, şeytanın bu insanlar üzərində qurduğu  hakimiyyətin təsiri ilə baş verir. Bu insanlar da şeytanın hiyləgər və gizli  üsullarından istifadə edir və eynilə onun kimi insanları gizli dillə pisliyə  çağırırlar.
          Quranın;  "(münafiqlər) onlara səslənib deyərlər: "məgər biz sizinlə birlikdə  deyildik?" Onlar da belə deyərlər: "bəli, lakin siz özünüzü fitnəyə saldınız,  (müsəlmanları əzabların və fəlakətlərin bürüməsini) gözlədiniz, (Allaha və  İslama qarşı) şübhələrə qapıldınız. Sizi xülyalar aldatdı. Sonunda Allahın əmri  (olan ölüm) gəldi; və o aldadan da sizi Allah ilə (Allahın adından istifadə  edərək, hətta günahsızca sizdən görünərək) aldatmış oldu" (Hədid  surəsi, 14) ayəsi ilə, münafiqlərin şeytanın hiyləgər üsullarına aldanıb  şübhələrə qapılanlardan olduqları xəbər verilmişdir.
          Şeytanın  məqsədi bunlardan istifadə edərək özü üçün fəaliyyət göstərəcək sadiq tərəfdar  kütləsi yaratmaq və idealları əsasında onları istədiyi kimi yönləndirə bilməkdir.  Bu insanların vasitəsilə geniş kütlələrə çatmaq, insanlara təlqin etmək  istədiyi sözləri onların ağzı ilə dedirtmək, öz əxlaq anlayışını bu insanların  əxlaqında yaşadaraq dinini yaşada bilməkdir. Bu yolla, insanları ürkütmədən,  onlara şeytanın dininin təbliğ edildiyini sezdirmədən öz yoluna çağıracaq və  tərəfdarı edəcək. Bu kəslər də, yaşadıqları pis əxlaq anlayışı ilə,  ətraflarındakı insanları da, qəflətə və şeytanın əxlaqına sürükləyəcəklər. 
          Şeytanın  dinini mənimsəyən tək bir insan, ətrafındakı digər insanlarla da əlaqə  yaradaraq hər birini yavaş-yavaş şeytanın əxlaqına çağırar və bu batil dini  onlara da mənimsədərək, hər birini yenə yüzlərlə insana şeytanın elçiliyini  edəcək hala gətirər. Beləliklə də şeytanın, dinini təbliğ edəcək minlərlə ağzı,  əxlaqını göstərəcək minlərlə vücudu və insanları doğru yoldan sapdıracaq  minlərlə əsgəri olmuş olar. Şeytan ordusunun hər bir əsgərini anbaan  yönləndirib, anbaan hər birini yeni şeytani fəaliyyətə rəhbərlik etməyə sürükləyər. 
          Şeytanın  sanki hipnoz təsiri ilə, əmrinə tabe etdiyi bu tərəfdar kütləsi, şeytandan  başqa heç kimdən, hətta öz vicdanlarından belə əmr almayacaq qədər, sadiq və  itaətkar intizama girər və necə acı aqibətə doğru sürükləndiklərini görmədən həyatları  boyu şeytanı və onun dinini müdafiə edərlər. Şeytanın sanki xidmətçisi və ya  oyuncağına dönən bu insanlar, ağıllarını, vicdanlarını, düşüncə və mühakimə  qabiliyyətlərini, iradələrini, bütün əqli və fiziki funksiyalarını şeytana  təslim edərlər. Sonra isə şeytanın iradəsi ilə hərəkət edib onun düşüncələri  yönündə yaşamağa başlayarlar. 
          Allahdan  lazımınca qorxub çəkinmədikləri üçün şeytanın, nəfsləri vasitəsilə anbaan özlərinə  pıçıldadıqlarını, şeytandan gəldiyini düşünmədən, bütün bunların öz düşüncələri  olduğuna inanaraq heç tərəddüd etmədən tətbiq edərlər. Lakin onsuz da bir  müddət sonra onlar da bütün bu fikirləri, şeytanın özü qədər mənimsədikləri  üçün, şeytanın təlqinlərinə ehtiyac duymadan eynilə onun kimi bu dini müdafiə  edəcək və şeytanın səssiz dilini danışacaq hala gələrlər. 
          Dünya  həyatında hər kəsin eyni imtahan mühitinə tabe olmasından ötrü, şeytan təkcə  inkar edən insanlara deyil, iman gətirənlərə də təsir etməyə çalışar. İman gətirdiklərini  söylədiyi halda, əslində imanı lazımınca yaşamayan bəzi insanlar, Allaha tam  təslim olmamaları, yaşadıqları hər hadisəni Quranla qiymətləndirməmələri və  gözəl əxlaqı Allah qorxusu ilə yaşamamalarından ötrü, şeytanın pıçıltılarına  qulaq asarlar. Şeytana necə müqavimət göstərəcəklərini və onun hiyləli  oyunlarını necə zərərsizləşdirə biləcəklərini bildikləri halda, şeytanın  sözlərinə etibar edərlər. 
          Quranı  çox yaxşı bildikləri və şeytanın özlərinə necə böyük zərərlər verə biləcəyi məsələsində  şüurları çox açıq olduğu halda, ondan lazımi diqqətlə çəkinməzlər. Bunun  nəticəsində isə bir tərəfdən ibadətlərini yerinə yetirərkən, digər tərəfdən də  göstərdikləri bir çox davranışla şeytanın təbliğini edərlər. Lakin burada  bilinməsi lazım olan mühüm məsələ, ümumiyyətlə, bu insanların, davranışlarının yanlış  olduğuna özləri də şahid olduğu halda, şeytandan və pislikdən şiddətlə çəkinən  gözəl əxlaqlı və ixlaslı insanlar olduqlarını iddia etmələridir.
          Şeytan,  bu insanların yaxşı davranışlarının və pislikdən açıq şəkildə çəkinmələrinin kifayət  etdiyini düşündürüb gizlicə etdikləri pisliklərə fikir verməmələrini və  beləliklə də, bunlardan çəkinməyə də ehtiyac duymamalarını təmin edər. Onları  din əxlaqından uzaqlaşdırmağa çalışar.
        Şeytanın  bu oyunu nəticəsində ortaya həqiqi müsəlman xarakterindən uzaqlaşmış fərqli  xarakterlər çıxar. Halbuki Allahın Quranda bildirdiyi tək müsəlman xarakteri var.  Bu Allahın razı olduğu, insana cənnəti qazandıracaq və cəhənnəmdən  uzaqlaşdıracaq yoldur. Bundan savayı, din əxlaqının yalnız müəyyən hissəsini  yaşamaq və mömin xarakterindən fərqli xarakterə sahib olmaq insanı hiss etmədən  cəhənnəmə sürükləyə bilər. Lakin, əlbəttə ki, bu insanlar Quranı özlərinə  rəhbər tutub Allahın bildirdiyi ayələr yönündə düşünsələr, içərisində olduqları  vəziyyəti açıq şəkildə görə bilər və bu vəziyyətdən asanlıqla xilas ola  bilərlər. 
Sonrakı səhifələrdə şeytanın açıq şəkildə deyil, pisliyin səssiz dilindən istifadə edərək insanlarda meydana gətirdiyi fərqli xarakterlərə və onlarda şeytanın təsirinin hansı davranış pozuntuları ilə ortaya çıxdığına toxunacağıq. Bu insanlar üçün bir növ həyat tərzinə çevrilmiş bu səssiz dillə nə cür mesajlar verildiyini və bu mesajların hansı mənaları ifadə etdiyini göstərəcəyik.

 
  
  
 